Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müzakirə edilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində çalışan şirkətlərin, bu sektoru təmsil edən "Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə növbəti görüş keçirilib. Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq sahəsində, xüsusilə, xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi imkanları və s. məsələlər müzakirə edilib. Sonda sahibkarların konkret təkliflər hazırlayaraq Dövlət Vergi Xidmətinə rəsmi qaydada təqdim etməsinə dair razılıq əldə olunub.
Qeyd edək ki, Azərbaycanda dərman preparatlarının qiymətinin baha olması uzun müddətdir müzakirə mövzusudur. Bu istiqamətdə bir sıra müvafiq təkliflər irəli sürülsə də, indiyədək ciddi addım atılmayıb. Ümumiyyətlə, dərmanların əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi və ya minimal vergi dərəcəsi ilə tətbiqi bir çox ölkələrin səhiyyə siyasətində rast gəlinən yanaşmadır. Belə bir tədbir, xüsusilə əhalinin sağlamlıq xərclərini azaltmaq və dərmanlara çıxışı asanlaşdırmaq məqsədi daşıyır. Məsələn, Böyük Britaniyada əksər dərmanlar, tibbi ləvazimatları ƏDV-dən azaddır və ya minimal vergiyə cəlb olunur. Kanada əksər reseptlə verilən dərmanlar ƏDV-dən azaddır, qeyri-resept dərmanları isə minimal vergi dərəcəsi ilə vergiyə cəlb oluna bilər. Avropa İttifaqının bir çox üzv ölkəsi (Almaniya, Fransa və İtaliya) reseptlə verilən dərmanlara aşağı dərəcəli vergi tətbiq edir və ya ümumiyyətlə vergiyə cəlb etmir. Hindistanda əczaçılıq məhsulları üçün minimal ƏDV ekvivalenti tətbiq olunur və bəzi həyati əhəmiyyətli dərmanlar tamamilə vergidən azaddır. Avstraliyada da reseptlə verilən dərmanlar ƏDV-dən azaddır və bununla yanaşı dərman qiymətləri üzərində hökumətin qiymət nəzarəti mövcuddur.
Azərbaycanın dərman məhsullarına tələbatı təxminən 95 faiz idxaldan asılıdır. Dərman idxalında əsas tədarükçü ölkələr sırasında Türkiyə, Rusiya və Almaniya önəmli mövqedədir. Bundan əlavə, Hindistan, Fransa, İsveçrə, İtaliya və Avstriya da Azərbaycanın dərman bazarına əsas tədarükçülər arasındadır. Ölkənin dərman idxalı hər il dəyişir və bu rəqəmlər sağlamlıq tələbatından, yerli istehsal imkanlarından, beynəlxalq ticarət vəziyyətindən və iqtisadiyyatın ümumi göstəricilərindən asılıdır. Ümumilikdə, xaricdən ildə təxminən 300-400 dollar həcmində dərman preparatı idxal edilir.
Bəs, görəsən, bəzi dərman preparatlarının ƏDV-dən azad olunması bazara necə təsir göstərəcək? Ümumiyyətlə, ölkəyə idxal olunan bütün dərman vasitələrinin ƏDV-dən azad olunması mümkündürmü?
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin rəhbəri İlqar Hüseynli deyib ki, idxaldan asılı olan bütün istehlak mallarının ƏDV-dən azad olunmasının tərəfdarıdır: “Sosial yönümlü sistem yaratmaq istəyiriksə, idxaldan asılı olan bütün istehlak mallarının ƏDV-dən azad olunmasını tövsiyə edərdim. Ölkədə vətəndaşların sosial hüquqlarının qorunmasını başlıca şərtləndirən amillərdən biri də məhz səhiyyə xidmətləridir. Səhiyyə xidmətlərinin ən vacib həlqəsi isə əczaçılıq və dərman təminatıdır. Əgər bu vaxta qədər ölkədə əczaçılıq sənayesi inkişaf etdirilməyibsə, tələbatın azı 50 faizi yerli istehsal hesabına qarşılanmayıbsa, 95 faiz dərman təchizatı idxaldan asılıdırsa, mənim qənaətimcə, bu sahənin nəinki ƏDV-dən, bəzi gömrük rüsumlarından da azad edilməsi məsləhətdir. Əslində statistikaya baxsaq görərik ki, ölkəyə dərman vasitələrinin idxalı hesabına daxil olan gəlirlərin payı yüksək deyil. Ümumi dövriyyənin miqdarı 300 milyon dollardan aşağıdır. Bu dövriyyənin ƏDV-si nə boyda xərcdir ki, neft ölkəsi olan dövlət həmin məbləği öz vətəndaşlarının xeyrinə güzəştə getmir? Bu addım atılarsa, dərman vasitələrinin qiyməti heç olmazsa,15-20 faiz ucuzlaşar”.
Ekspert vurğulayıb ki, həyati əhəmiyyət kəsb edən dərman vasitələrinin vergi və gömrük rüsumlarından azad edilməsi vacibdir: “Hökumət qida əlavəsinə istədiyi qədər vergi və gömrük rüsumu tətbiq etsin. Bununla işimiz yoxdur. Amma bilavasitə kimyəvi molekul hesab olunan və Səhiyyə Nazirliyinin xüsusi qeydiyyatından keçərək 5 il müddətinə sertifikatlaşdırılmış dərman vasitələrinin vergi və gömrük yükü mütləq azaldılmalıdır”.
Məsələ ilə bağlı iqtisadçı ekspert Əli Əlirzayev bildirib ki, dərmanlarda əlavə dəyər vergisinin ləğv edilməsi çox vacibdir. Amma bu, bütün dərman vasitələrinə tətbiq edilə bilməz: “Düzdür, ölkədə dərman preparatlarının daxili istehsalı yoxdur. Yəni, biz 95 faiz xaricdən asılıyıq. Xaricdən gətirilən istənilən dərman preparatları sərhəddə 18 faiz dəyər vergisinə cəlb olunur və bunun nəticəsində avtomatik olaraq qiymətlər 18 faiz artır. Ona görə də, əlavə dəyər vergisinin ya ləğv edilməsi, ya da kəskin azaldılması vacib sayılır. Lakin biz bütün dərman vasitələrinə bu qaydanı tətbiq edə bilmərik. Bu istər-istəməz dövlət üçün əlavə yük yaradar. Amma bununla yanaşı, mən də tərəfdarıyam ki, həyati əhəmiyyət daşıyan dərman vasitələrinə tətbiq olunan vergi və gömrük rüsumları xeyli yumşaldılsın. Bu əhalinin sağlamlığının qorunması baxımından da vacib addımdır”.